Nizami Cəfərov

Nizami Cəfərov Nəcəf oğlu

“Asbest Geoloji Kəşfiyyat Müəssisəsi” MMC-nin Baş direktoru, Qazaxıstan Respublika elmi-texniki “Dağ-mədən Geologiyası” jurnalının (Mining-Geological Journal) Baş redaktoru.
Geologiya-mineralogiya elmləri doktoru (1999), Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü-akademiki (2001-ci il), Qazaxıstan Respublikası Milli Mühəndislik Akademiyasının həqiqi üzvü-akademiki (2003-cü il), Avstraliya Geologiya və Geofizika elmləri İnstitutunun (AGİ) üzvü (MAİG) (2017). Qazaxıstan Respublikası Dövlət Ehtiyatları Komitəsinin eksperti, PONEN-in (Yeraltı sərvətlər üzrə müstəqil ekspertlərin peşəkar birliyi) və Yer haqqında elimlər üzrə müstəqil mütəxəssislər birliyinin (CIG) həqiqi üzvü, beynəlxalq standartlara (JORC) uyğun olaraq faydalı qazıntıların ehtiyatlarını qiymətləndirən səlahiyyətli şəxs-beynəlxalq ekspertdir. Qazaxıstan Respublikası Jurnalistlər İttifaqının üzvüdür.

1957-ci il iyunun 2-də Azərbaycan SSR İsmayıllı rayonunun Təzəkənd kəndində çoxuşaqlı ailədə dünyaya gəlib, atası Qədirov Nəcəf Cəfər oğlu, anası Qədirova Badam Əlicəfər qızıdır.
1963-cü ildə Təzəkənd məktəbində hazırlıq sinfinə,
1964-cü ildə isə birinci sinfə gedib. 1964-cü ilin noyabr ayından əkiz qardaşı Füzuli ilə birlikdə Göyçay şəhərində olan internat məktəbində təhsil alıb. 1968-ci ildə ibtidai sinfi başa vurub yenidən Təzəkənd məktəbində təhsilini davam edib.
1974-cü ildə Təzəkənd orta məktəbini əla qiymətlərlə başa vurub Azərbaycan Dövlət Universitetinin (BDU) Geologiya-coğrafiya fakültəsinə daxil olub.
1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib Şimali Qazaxıstana, Kostanay vilayətinin Jitikara şəhərindəki Asbest geoloji kəşfiyyat idarəsinə təyinat alıb geoloq, böyük və baş geoloq vəzifələrində çalışıb.
1982-ci ildə həmin müəssisənin rəisi təyin olunub.
1988-1989-cu illərdə Yəmən Ərəb Respublikasında texniki direktor vəzifəsində işləyib. 1996-cı ildən indiyədək “Asbest Geoloji Kəşfiyyat Müəssisəsi” MMC-nin Baş direktoru vəzifəsində çalışır.
Elmi fəaliyyəti haqqında qısa məlumat
1981-1985-ci illərdə Sverdlovsk şəhərində (indiki Yekaterinburq) Dağ-Mədən İnstitutunda aspiranturada oxuyub.
1985-ci ildə namizədlik dissertasiyası ,
1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.
2001-ci ildə Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü-akademiki, 2003-cü ildə isə Almatıda Qazaxıstan Respublikası Milli Mühəndislik Akademiyasının həqiqi üzvü-akademiki seçilib.

Cəfərov Nizaminin bütün elmi və istehsalat fəaliyyəti faydalı qazıntı yataqlarının əmələ gəlməsi, formalaşması, saxlanılması (Yerin daxilində), öyrənilməsi məsələləri üzrə işlərin aparılmasına, yeraltı sərvətlərin kompleks və səmərəli istifadə edilməsinə yönəldilib.

Onun hazırladığı asbest yataqlarının yaranması elmi modeli Qazaxıstanın faydalı qazıntı yataqlarının genezisi atlasına daxil edilib və 2004-cü ildə İtaliyada Ümumdünya Geoloji Konqresində təqdim olunub.

Cəfərov Nizaminin rəhbərliyi və iştirakı ilə Qazaxıstanda və Rusiyada asbest, qızıl, kobalt-nikel, mis, nadir torpaq elementləri, nefrit, kaolin, tikinti materialları və s. faydalı qazıntı yataqlarının axtarışı və tədqiqi üçün geoloji kəşfiyyat işləri aparılıb.

O, 2 monoqrafiyanın – “Qazaxıstanın xrizotil-asbesti” (2000-ci il) və əkiz qardaşı Füzuli ilə birlikdə yazdıqları “Jitikara filiz rayonunun faydalı qazıntıları (Kostanay Uralı)” (2002-ci il), 120 çap olunmuş elmi məqalənin, 50-dən artıq geoloji layihənin, hesabatın və metodik vəsaitlərin müəllifidir.

2003-cü ildən nəşr olunan Respublika elmi-texniki “Dağ-mədən Geologiyası” jurnalının (Mining-Geological Journal) yaradılmasının təşəbbüskarı və baş redaktoru, bir neçə beynəlxalq jurnalların ekspertidir.

2017-ci ildə onun “С кем не бывает…рассказы из жизни” (Hər kəsin başına gələ bilər… (həyatdan hekayələr), 2024-cü ildə isə “Бывает и не такое…” (“Belə də olur…” povest və hekayələr) kitabları Moskvada nəşr olunub.
2024-cü ildə Bakıda “Qanun” nəşriyyatında Azərbaycan dilində çap olunmuş, doğulub boya-başa çatdığı doğma yurdu, təhsil aldığı Təzəkənd məktəbi haqqında yazdığı “Ömürlərə köçmüş yüz il…” adlı kitabı anası Qədirova Badamın yüz illiyinə həsr edilib.
Fəxri adları
2005-ci ildə Cəfərov Nizami “Qazaxıstan Respublikasının yeraltı sərvətlərinin fəxri kəşfiyyatçısı” adına, 2024-cü ildə isə “Əməkdar geoloq” döş nişanına layiq görülüb.
2019-cu ildə “İlin geoloqu” Respublika müsabiqəsinin qalibi və “Qızıl Hefest” mükafatı laureatı olmuşdur. 2020-ci ildə ona “Kostanay vilayətinin Jitikara rayonunun fəxri vətəndaşı” adı verilib.

Qazaxıstan Respublikası Prezidentinin Sərəncamları ilə “Құрмет” (Şərəf) ordeni ilə (2025-ci il), “Eren Enbeqi Üşin” (Əmək xidmətləri üçün) (2013-cü il), Qazaxıstan Respublikasının Müstəqilliyinin 10 (2001-ci il), 20 (2011-ci il), 25 (2016-cı il) və 30 illiyi (2021-ci il) medalları ilə təltif edilib. O, həmçinin “Jitiqara rayonunun 90 illiyi”, “Regionun sosial-iqtisadi inkişafında xidmətlərinə görə”, “Peşəyə sədaqətinə görə”, Qazaxıstan Məsləhətinin (yerli nümayəndəlik orqanı) 20, 25 illiyi medallarına, çoxsayli fəxri fərmanlara, müxtəlif mükafatlara və s. layiq görülüb.